Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondu dekabr ayının 10-11-də Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş “Kitabi-Dədə Qorqud” və Haynrix Fridrix fon Dits – 200” mövzusunda Azərbaycanda
ilk dəfə Beynəlxalq Şagird Konfransı keçirmişdir. Konfrans AMEA-nın
Mərkəzi Elmi Kitabxanasında təşkil edilmişdir. Məktəblilərin rəsm sərgisinin
nümayişindən sonra başlayan konfransı açıq elan edən Bilik Fondunun icraçı
direktoru Oqtay Səmədov deyib ki, ölkə başçısı 2015-ci il fevralın 20-də
“Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200
illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bilik Fondu bu istiqamətdə
il ərzində ölkə daxilində və xaricdə silsilə tədbirlər həyata keçirib. Beynəlxalq
Şagird Konfransı da bu qəbildəndir. Beynəlxalq Şagird Konfransında Azərbaycanın
bütün bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan,
Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan
olan məktəblilər iştirak edirlər. Həmçinin xarici ölkələrdən – Türkiyə, Rusiya,
Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər təmsil olunub. Sevindirici haldır
ki, bu mötəbər tədbirdə doğma şəhərimizi bizim məktəbin
10t sinif şagirdi Abbaslı Fatimə təmsil etmişdir. Qeyd edək ki, A.Fatiməni konfransa məktəbin dil-ədəbiyyat müəllimi Şəhla Məcidova
hazırlamışdır.